Azərbaycan Beynəlxalq Bankı

Həyata keçirdiyimiz uğurlu işlərdən biri də Qafqazın ən böyük bankı – Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq çərçivəsində bankın yeni məhsulu olan Tamkart üçün hazırlanan kommunikasiya kampaniyasıdır. Bir neçə kartın funksiyalarını özündə birləşdirən Tamkart insanların bir kartda görmək istədikləri bir çox üstünlüklərə sahib olmasıyla tam olaraq hər kəsin istədiyi kartdır. 

Əvvəlcə kartın “tam” olması ideyasını özündə əks etdirən və Beynəlxalq Bankın brend identifikasıyasından tamamilə fərqli rənglərdən istifadə edilməklə kartın loqosu hazırlandı. Loqonun əsas diqqətçəkən elementlərindən biri “tam” yazısından sonra qoyulan yaşıl nöqtədir ki, bu nöqtə kartın üstünlükləri sayəsində insanların arzuladıqları karta sahib olmaq üçün apardıqları axtarışlara “nöqtə” qoyduğunu ifadə edir. 

Kampaniya tizer və əsas mərhələlərdən ibarət olmaqla həyata keçirildi. Tizer mərhələsində televiziya, sosial media kimi məcralarda (Facebook, Instagram, YouTube)  yayımlanan videoçarx, həmçinin açıq hava reklamları vasitəsilə insanlara “Ürəyində bir arzu tut!” dedik. Eyni zamanda 10 gün davam edən tizer mərhələsi ərzində digital məcralarda yayımlanan reklamlar, sosial media postları, geri sayma videoları ilə insanları öz arzuları barədə düşündürdük.

Daha sonra isə əsas kampaniyaya start verməklə, “İstədiyin tam budur!” sloqanı ilə Tamkartı bütün kommunikasiya kanalları vasitəsilə insanlara tanıtdıq. Televiziya çarxı, radio, açıq hava reklamlarından əlavə digital media reklamları vasitəsilə geniş hədəf kütləsinə çatmış olduq. 

Hər iki mərhələ ərzində digital məcralarda yayımlanan reklamlar müəyyən parametrlər üzrə seçilən xüsusi auditoriya hədəflənərək yerləşdirildi. Xüsusi hədəfləmə sayəsində sosial mediada yayımlanan geri sayım videoları tizer videonu izləmiş şəxslərə göstərildi. Eyni zamanda hədəf kütləmiz tərəfindən geniş istifadə olunan WeTransfer platformasında reklam yerləşdirməsi etdik. Bundan əlavə, sosial mediada xüsusi müsabiqə təşkil etdik və müsabiqə üçün nəzərdə tutulmuş vebsaytın dizaynını və müsabiqə haqda öyrədici videoçarx hazırladıq.

Kampaniyanın əsas sloqanını və Tamkartın brendinqini özündə əks etdirən, müsabiqə çərçivəsində hazırladığımız gif-lər isə xüsusi maraqla qarşılandı.

Həm tizer, həm də əsas mərhələ boyunca hədəf kütləyə əsasən seçilən 70-ə yaxın influenser də kommunikasiya kampaniyamızın daha geniş auditoriyaya çatmasına dəstək oldular.

Hər iki mərhələnin sonunda əldə olunan nəticələr kampaniyanın böyük uğurla həyata keçdiyini və böyük marağa səbəb olduğunu əyani olaraq nümayiş etdirir.